
5–8 may tarixlərində 31-ci Beynəlxalq Qida Sənayesi Sərgisi (“InterFood Azerbaijan”) çərçivəsində keçirilən 6-cı “Qızıl Şah” Milli Kulinariya Çempionatında Bakı Turizm Peşə Məktəbinin tələbələri yüksək nəticələr əldə ediblər.
Çempionat Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Kulinariya Mərkəzinin dəstəyi, Ümumdünya Usta Aşpazlar Cəmiyyətləri Assosiasiyasının (“Worldchefs”) tərəfdaşlığı ilə Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası (ACSA) tərəfindən təşkil olunub. Yarışda Türkiyə, Qazaxıstan, Özbəkistan, Pakistan, Serbiya, Rusiya, Belarus, Xorvatiya, Rumıniya və Ukraynadan olan komandalar iştirak ediblər.
Bakı Turizm Peşə Məktəbinin tələbələri – Turan Şahbazov və Sadiq Məmmədov da çempionatda ölkəni təmsil ediblər.
Turan Şahbazov “Junior Practical Team (Chefleen)” kateqoriyasında I yerə layiq görülüb, həmçinin “Seafood” (dəniz məhsulları) üzrə II yeri qazanaraq iki fərqli kateqoriyada fərqlənib.
Yarışın fərdi və komanda kateqoriyalarında yüksək nəticələr əldə edən iştirakçılar beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilib. Münsiflər heyətinə ABŞ, Böyük Britaniya, İsveç, İtaliya, Almaniya və digər ölkələrdən “Worldchefs” tərəfindən lisenziyalaşdırılmış beynəlxalq hakim-aşpazlar daxil olub.
Qeyd edək ki, “Qızıl Şah” Milli Kulinariya Çempionatı 2019-cu ildən etibarən keçirilir və 2024-cü ildən “Worldchefs” ilə birgə təşkil olunan “Gold Shah” kontinental çempionatına ev sahibliyi etmək hüququ qazanıb. Bu status yarışın beynəlxalq səviyyədə tanınmasını və iştirak coğrafiyasının genişlənməsini təmin edib.
Bakı Turizm Peşə Məktəbinin bu uğuru tələbələrin peşəkar bacarıqlarının inkişafı, beynəlxalq təcrübə mübadiləsi və Azərbaycan kulinariya məktəbinin təmsil olunması baxımından mühüm nəticə kimi qiymətləndirilir.