
22–25 may 2026-cı il tarixlərində Quba Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm və Menecment Universiteti və “İntegras Company” tərəfdaşlığı ilə “Gənc Turizm Liderləri-3” adlı düşərgə keçirilib.
“Əylənərək öyrənirik” prinsipi əsasında təşkil olunan layihənin əsas məqsədi gənclərin qeyri-formal təhsil metodları vasitəsilə turizm sahəsində bilik və bacarıqlarının artırılması, innovativ düşüncə və liderlik keyfiyyətlərinin inkişaf etdirilməsi olub.
Düşərgə çərçivəsində müxtəlif təlimlər, interaktiv sessiyalar və master-klasslar təşkil edilib. Bakı Turizm Peşə Məktəbinin məzunu, gənc aşpaz İsgəndər İsgəndərov da layihədə iştirak edərək kulinariya sahəsi üzrə master-klass keçib. O, iştirakçılarla aşpazlıq sahəsində qazandığı praktiki təcrübəni bölüşüb, yeməklərin hazırlanması prosesində peşəkar yanaşma, təqdimat və mətbəx mədəniyyəti ilə bağlı məlumat verib.
Bakı Turizm Peşə Məktəbi olaraq məzunumuzun belə əhəmiyyətli layihədə uğurla təmsil olunmasından qürur duyur, İsgəndər İsgəndərova gələcək fəaliyyətində yeni nailiyyətlər arzulayırıq.