May ayının 27-də Dövlət Turizm Agentliyi, Bakı Turizm Peşə Məktəbi ilə Azərbaycan Turizm Agentlikləri Assosiasiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Memorandum sənədini Bakı Turizm Peşə Məktəbinin direktoru Neylüfər Kərimova və Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədri Rüfət Hacıyev imzalayıblar.
Tədbirdə Dövlət Turizm Agentliyinin, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının və “SKAL Baku” təşkilatının nümayəndələri iştirak edib.
Görüş çərçivəsində Assosiasiyanın üzvləri Bakı Turizm Məktəbinin fəaliyyəti ilə tanış olub, onlara məktəbdə tədris olunan ixtisaslar və dərs prosesi barədə məlumatlar verilib.
İmzalanmadan öncə baş tutan görüş zamanı peşə təhsilinin üstünlükləri barədə danışan məktəbin direktoru Neylüfər Kərimova bildirib ki, əməkdaşlıq memorandumu tələbələrin nəzəri biliklərinin və iş qabiliyyətlərinin artırılmasında böyük rol oynayacaq.
N.Kərimova nəzərə çatdırıb ki, memorandumun əsas məqsədi tərəflər arasında qarşılıqlı əməkdaşlığın təşkili, tələbələrin təhsil və dünyagörüşü səviyyəsinin artırılması, Assosiasiyanın yaratdığı imkanlardan istifadə və birgə tədbirlərin təşkili ilə bağlıdır.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədri Rüfət Hacıyev dəvətə görə təşəkkürünü bildirərək, baş tutacaq əməkdaşlığın həm tələbələr, həm də Assosiasiya üzvləri üçün müsbət xarakter daşıdığını bildirib.
Sənədə əsasən, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası tərəfindən Bakı Turizm Peşə Məktəbinin tələbələrinə Assosiasiyaya üzv olan turizm şirkətlərində təcrübə keçmək imkanı yaradılacaq, tələbələr təşkilat tərəfindən həyata keçiriləcək müxtəlif tədbirlər zamanı könüllü fəaliyyət göstərmək şansı qazanacaqlar. Eyni zamanda, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası məktəbin məzunlarının işlə təmin olunmasında yardımçı olacaq.
Tərəflər bundan sonra faydalı əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi üçün lazımı addımların atılacağını bildirib.