img

Mayın 23-də Dövlət Turizm Agentliyi tərəfindən Atəşgah məbədində “Arxeoloji turizm və dayanıqlı idarəetmə” mövzusunda beynəlxalq konfransa start verilib.

Bakı Turizm Peşə Məktəbinin direktoru Neylüfər Kərimova tədbirdə iştirak edib.

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu ilə birgə tərəfdaşlıq çərçivəsində təşkil olunan konfransın məqsədi arxeoloji turizm istiqamətində ən qabaqcıl təcrübələri öyrənmək və onların Azərbaycandakı abidələrdə tətbiq olunması yollarını müzakirə etməkdir.

Konfransda açılış nitqi ilə çıxış edən Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova Azərbaycanda ilk dəfə bu mövzuda tədbirin keçirilməsinin həm turizm baxımından, həm də mədəni irsimizin, tariximizin təbliği baxımından çox əhəmiyyətli olduğunu bildirib. Sədrin müavini A.Hüseynova Dövlət Turizm Agentliyinin dəstəyilə tarixi qoruqlarda aparılmış elmi tədqiqatlar və arxeoloji qazıntılar, üzə çıxarılan nadir tapıntılar haqqında danışıb. Konfransın Azərbaycanın irs abidələrinin turistik tətbiqi ilə bağlı faydalı fikir mübadiləsi aparılması, Azərbaycanın arxeoloji turizm potensialının tam reallaşdırılması istiqamətində atılan mühüm addımlardan biri olacağına inandığını bildirən Azadə Hüseynova konfransın işinə uğurlar arzulayıb.

Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycanda arxeoloji abidələrin, maddi mədəni irsin araşdırılmasına böyük diqqət və qayğı göstərildiyini qeyd edib. Ölkəmizdə aparılan geniş arxeoloji qazıntı işləri nəticəsində Azərbaycanın qədim tarixinə aid yüzlərlə abidələr və minlərlə maddi mədəniyyət nümunələri aşkar edildiyini, bu nümunələrin qorunduğunu bildirib.

Tədbirin gedişində Azərbaycanın arxeoloji irsinə həsr olunmuş qısa filmin nümayişi baş tutub.

Rəsmi açılış mərasimindən sonra konfrans işinə başlayıb.

Paylaş :