
Bakı Turizm Peşə Məktəbinin “Mehmanxana inzibatçısı” ixtisası üzrə təhsil alan tələbələri üçün real iş mühiti ilə tanışlıq məqsədilə paytaxt hotellərində infoturlar təşkil edilib.
10 dekabr 2025-ci il tarixində tələbələr “Safran Otel”-də infoturda iştirak ediblər. İnfotur çərçivəsində tələbələr otelin qeydiyyat–qəbul (Front Office) şöbəsi, müxtəlif nömrə kateqoriyaları, restoran və konfrans zalı ilə yaxından tanış olublar. Otelin Front Office meneceri Rafael Sadıqov tərəfindən tələbələrə mehmanxananın fəaliyyət istiqamətləri, xidmət standartları və gündəlik əməliyyat prosesi barədə ətraflı məlumat verilib. Görüşün sonunda tələbələr onları maraqlandıran sualları ünvanlayaraq xatirə fotosu çəkdiriblər.
17 dekabr 2025-ci il tarixində isə Bakı Turizm Peşə Məktəbinin tələbələri Arium Hotel Baku-da infoturda iştirak ediblər. Otelin qəbul, yerləşdirmə və xidmət şöbəsində çalışan Fərid İsmayılzadə tərəfindən tələbələrə otel haqqında ümumi məlumat verilib, qonaq kontingenti, istifadə olunan bronlaşdırma sistemləri və xidmət mexanizmləri izah edilib. İnfotur zamanı tələbələr Arium Hotel-in nömrə fondu və digər sahələri ilə tanış olub, butik otel konsepsiyası və xidmət mühiti barədə əyani təsəvvür əldə ediblər.
Tədris prosesinin istehsalat təcrübəsi ilə əlaqələndirilməsi məqsədilə təşkil olunan bu infoturlar tələbələrin nəzəri biliklərinin praktik müstəvidə möhkəmləndirilməsinə, eyni zamanda gələcək peşə fəaliyyətlərinə daha hazırlıqlı olmalarına töhfə verib.