
Bakı Turizm Peşə Məktəbində 2024/2025-ci tədris ilinin Məzun Günü münasibətilə “Baku Marriott Hotel Boulevard” hotelində təntənəli tədbir keçirilib.
Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən Şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə çıxış edərək məzunları təbrik edib. O, Azərbaycanda turizm sahəsinin inkişafı və bu sahədə peşəkar kadr hazırlığının önəmi barədə danışıb. Kənan Quluzadə Bakı Turizm Peşə Məktəbinin illərdir turizm sektoruna savadlı və bacarıqlı mütəxəssislər qazandırdığını vurğulayaraq, məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və onları daim öz üzərlərində işləməyə, bilik və bacarıqlarını artırmağa çağırıb.
Məktəbin direktoru Neylüfər Kərimova çıxış edərək, 2024/2025-ci tədris ili ərzində görülən işlər, əldə olunan nailiyyətlər və təhsil prosesində tətbiq edilən yeniliklər barədə ətraflı məlumat verib. O, həmçinin müəllim və tələbə kollektivi tərəfindən göstərilən əzmkar fəaliyyətin nəticəsində məktəbin turizm sahəsində peşəkar kadrların hazırlanmasında mühüm rol oynadığını vurğulayıb.
Məzun Gününün rəsmi hissəsində peşə məktəbini yüksək nəticələrlə və əla qiymətlərlə başa vuran məzunlara Fəxri Diplomlar təqdim olunub.
Məzun Gününün diqqətçəkən hissələrindən biri də turizm sənayesinin tanınmış nümayəndələrinin – Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə heyəti sədrinin müşaviri Müzəffər Ağakərimov, “Smart Hotels Group” şirkətinin rəhbəri, “SKAL Baku” turizm peşəkarları klubunun prezidenti Ceyhun Aşurov, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə heyəti sədrinin müavini Əhməd Qurbanovun iştirakı ilə keçirilən interaktiv sessiya olub. Sahənin aparıcı ekspertləri gənc məzunlara müxtəlif suallar ünvanlayaraq onların peşə biliklərini və praktiki hazırlıqlarını sınaqdan keçiriblər. Bu dialoq gənc turizm mütəxəssislərinin gələcək karyera yollarında onlara motivasiya və istiqamət verməyi hədəfləyib.
Tədbirin bədii hissəsində rəngarəng rəqs və musiqi nömrələri təqdim olunub, məzunlara və qonaqlara xoş anlar yaşadılıb.





























