
Mayın 2-də Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin təşəbbüsü, Agentliyin tabeliyindəki Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə əməkdaşlığı çərçivəsində hazırlanmış “Milli Dadlar” layihəsinin və eyniadlı onlayn platformanın təqdimat mərasimi keçirilib.
Tədbirdə Bakı Turizm Peşə Məktəbinin direktoru Neylüfər Kərimova da iştirak edib.
Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev layihənin əsas məqsədinin milli kulinariya nümunələrinin qorunması, tanıdılması və gələcək nəsillərə ötürülməsi olduğunu vurğulayıb. O, həmçinin qeyd edib ki, ilk dəfə olaraq milli kulinariya nümunələrinin vahid elmi bazası yaradılıb.
Təqdimat zamanı layihənin məqsədi, yerinə yetirilmiş elmi araşdırmalar, milli mətbəx nümunələrinin toplanması və sənədləşdirilməsi prosesi barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, layihə Azərbaycan mətbəxinin elmi əsaslarla öyrənilməsi, qorunması və tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.
Bakı Turizm Peşə Məktəbi peşə təhsili sahəsində fəaliyyət göstərən təhsil müəssisəsi olaraq bu cür təşəbbüslərdə iştirak etməklə milli mətbəx irsinin gələcək nəsillərə ötürülməsi istiqamətində aparılan işlərə dəstək verir.


