img

22-23 aprel tarixlərində Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Dövlət Turizm Agentliyi və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının birgə təşəbbüsü ilə təşkilata üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşü keçirilir.

Görüşdə Azərbaycan, Türkiyə, Rusiya, Albaniya, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Serbiya və Ukrayna daxil olmaqla təşkilatın 11 üzv ölkəsindən rəsmi dövlət nümayəndələri və turizm təhsili müəssisələrinin təmsilçiləri, eləcə də Bakı Turizm Peşə Məktəbinin direktoru Neylüfər Kərimova, müəllim heyəti və BMT-nin Ümumdünya Turizm Təşkilatının nümayəndələri iştirak edir.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev QDİƏT çərçivəsində görüşün üzv dövlətlərin turizm təhsili verən ali təhsil müəssisələrinin bilik və təcrübə mübadiləsinin asanlaşdırılması baxımından faydalı olduğunu vurğulayıb.

Fuad Nağıyev çıxışı zamanı turizm sektorunda iş yerlərinin ildən-ilə çoxalması və karyera imkanlarını nəzərə alaraq Azərbaycan gənclərini ixtisas seçərkən turizm yönümlü sahələrə üstünlük vermələrinə çağırıb.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Lazar Komanesku çıxışında görüşün təşkilat çərçivəsində turizm təhsili üzrə ilk belə hadisə olduğunu qeyd edərək tədbirin təşkil edilməsi və Bakıda baş tutmasının Azərbaycanın QDİƏT-in məqsəd və vəzifələrinin həyata keçirilməsinə verdiyi töhfələrin növbəti sübutu olduğunu bildirib.

Paylaş :