Aprelin 14-də Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Bakı Turizm Peşə Məktəbi Publik Hüquqi Şəxsi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Memorandum sənədini Bakı Turizm Peşə Məktəbinin direktoru Neylüfər Kərimova və Azərbaycan Sahibkarlar Konfederasiyasnın vitse-prezidenti Vüqar Zeynalov imzalayıblar.
Tədbirdən öncə məktəbin direktoru Neylüfər Kərimova ASK-nin vitse-prezidenti Vüqar Zeynalovun rəhbərlik etdiyi nümayəndə heyətini Bakı Turizm Peşə Məktəbi ilə tanış edib, onlara məktəbdə tədris olunan ixtisaslar və dərs prosesi barədə məlumatlar verib.
Qonaqlar müxtəlif ixtisaslar üzrə hazırlanmış tədris laboratoriyaları ilə də tanış olublar.
Tədbirdə Dövlət Turizm Agentliyinin, müxtəlif Assosiasiyaların və İctimai Birliklərin nümayəndələri də iştirak edib.
Görüşün əvvəlində çıxış edən Neylüfər Kərimova qonaqları salamlayıb və qarşılıqlı əməkdaşlığın hər iki tərəfin işində müsbət nəticələr verəcəyini vurğulayıb. O, qeyd edib ki, bu memorandumun əsas məqsədi tərəflər arasında qarşılıqlı əməkdaşlığın təşkili, tələbələrin təhsil və dünyagörüşünün artırılması, qarşılıqlı faydaya əsaslanan digər növ tədbirlərin təşkili ilə bağlıdır.
Daha sonra söz Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalova verilib. Vüqar Zeynalov səmimi qarşılanmaya görə məktəb rəhbərliyinə təşəkkürünü bildirib və tədbir iştirakçılarına ASK-nin fəaliyyəti barədə danışıb. Vitse-prezident bildirib ki, imzalanan memorandum tərəflərin gələcək fəaliyyətində mühüm rol oynayacaq.
Tərəflər bundan sonra faydalı əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi üçün lazımı addımların atılacağını bildirib.