Fevralın 23-də Dövlət Turizm Agentliyi ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) əməkdaşlığı ilə baş tutan “Turizm təlimində müasir yanaşmalar” təlimləri çərçivəsində qardaş Türkiyə Cümhuriyyətindən olan nümayəndə heyəti Bakı Turizm Peşə Məktəbini ziyarət edib.
Görüşdə “Falez Mesleki ve Teknik Anadolu Lisesi”nin müdiri Ersümer Eren, onun yardımçısı İsa Keleş, Dövlət Turizm Agentliyinin Təhsil və Təlim sektorunun müdiri Arzu Tanquliyeva-Nağıyeva və Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov iştirak ediblər.
Bakı Turizm Peşə Məktəbinin direktoru Neylüfər Kərimova qonaqlara məktəb barədə məlumat verib və onları tədris prosesi ilə tanış edib. Ziyarətçilər məktəbin tələbələri üçün xüsusi hazırlanmış peşə laboratoriyalarında təlimlərin canlı şahidi olub, fikirlərini bölüşüblər.
Daha sonra “Falez Mesleki ve Teknik Anadolu Lisesi”nin müdiri Ersümer Eren Bakı Turizm Peşə Məktəbinin direktoru Neylüfər Kərimovaya xatirə hədiyyəsini təqdim edib. Öz növbəsində Neylüfər Kərimova Bakı Turizm Peşə Məktəbinin 10 illik yubileyi çərçivəsində hazırlanan və özünün də müəllifi olduğu “Uğurlu gələcək peşədən başlanır” kitabını iştirakçılara hədiyyə edib.