Oktyabrın 28-29-da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şuşa şəhərində “Azərbaycan Sağlamlıq Turizmi Konfransı: inkişaf imkanları” mövzusunda beynəlxalq konfrans keçirilib.
Türkiyə, Rusiya, İsveçrə, Çex Respublikası, Malayziya, Qazaxıstandan olan mütəxəssislərin də iştirak etdiyi tədbir sağlamlıq turizmi sektorunda mövcud qabaqcıl təcrübələrin araşdırılması və Azərbaycan üçün inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə həsr olunub.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev sağlamlıq turizmi üzrə zəngin və geniş potensiala malik Azərbaycanda bu sahənin inkişafı ilə bağlı son illərdə bir çox istiqamətlər üzrə işlər görüldüyünü qeyd edib:
“Azərbaycanın sağlamlıq turizmi üzrə Naftalan neftinin turizm məhsulu kimi daha da inkişaf etdirilməsi, resursun Avropa və yeni bazarlarda təşviq edilməsi əsas hədəflər sırasındadır. Qarabağ və Şərqi Zəngəzur üzrə də sağlamlıq turizmi üçün zəngin potensiallı ərazilər mövcuddur. Bu ərazilərdə Türkiyədən olan mütəxəssislərin cəlb edilməsi ilə turizm, o cümlədən sağlamlıq turizmi resurslarının araşdırılması aparılaraq müvafiq təkliflər verilib. Bu istiqamətdə, əlbəttə, Kəlbəcər və onun balneoloji imkanları xüsusilə seçilir. Kəlbəcərdə turizmin inkişafına dair hazırlanmış konsepsiya sənədində təklif edilən 5 turizm və rekreasiya zonasından ikisi mineral-termal bulaqlar ətrafında olmaqla sağlamlıq turizmi profilinə sahibdir. Həmçinin, Laçın da mineral-termal su resursları ilə zəngin olduğundan, müvafiq sağlamlıq turizmi potensialına malikdir. Şuşa şəhərinin hava-rekreasiya imkanları sağlamlıq turizmi üzrə istiqamətlərin inkişafına töhfə verə bilər”.
“Azərbaycan sağlamlıq turizmi mərkəzi kimi: cari vəziyyət və imkanlar” mövzusunda ilk sessiyada mövzu ilə bağlı beynəlxalq və yerli mütəxəssislər məsələyə dair baxışlarını ortaya qoyublar. Azərbaycanın təbii ehtiyatlarının qlobal turizm bazarında layiqli dəyərləndirilməsi, ölkənin mədəni irsi ilə sağlamlıq turizmini birləşdirən strateji yanaşmaların inkişaf etdirilməsi və mövcud infrastrukturun daha da təkmilləşdirilməsi üzrə planlar müzakirə olunub.
Digər sessiyalarda dünya üzrə uğur qazanmış ölkələrin sağlamlıq turizmi təcrübələri ilə yanaşı, onların tətbiq etdiyi texnologiyalar, rəqəmsal innovasiyalar, həmçinin sağlamlıq turizmi xidmətlərinin keyfiyyətini artırmaq üçün istifadə olunan yeni metodlar ətrafında da fikir mübadiləsi aparılıb. Həmçinin, Azərbaycanın mövcud resurslarının və təbii müalicəvi ehtiyatlarının düzgün qiymətləndirilməsi məsələsi də müzakirə obyekti olub. İştirakçılar Azərbaycanın zəngin təbii müalicəvi ehtiyatları – Naftalan nefti, müalicəvi palçıqlar, termal sular, o cümlədən tarixi və mədəni irsi, mövcud sağlamlıq infrastrukturu kimi amillərin dünya bazarında önə çıxarılması üçün yeni imkanları nəzərdən keçiriblər.
Sonuncu sessiyada Azərbaycanın tibbi turizminin inkişafı istiqamətində perspektivlər, strateji yol xəritəsi araşdırılıb, ölkənin qlobal tibbi turizm xəritəsində mövqe tutmasına kömək edəcək əsas təşəbbüslər müzakirə edilib.
Tədbir çərçivəsində Sağlamlıq Turizmi və Tibbi Turizm üzrə işçi qrupların müzakirələri də keçirilib.