img

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Monitorinq Mərkəzinin əməkdaşları, Bakı Turizm Peşə Məktəbinin direktoru Əməkdar müəllim, dosent Neylüfər Kərimova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı filologiya üzrə fəlsəfə doktoru  Könül Həsənova, Bakı Mühəndislik Universitetinin Azərbaycan dili və pedaqogika kafedrasının müdiri professor Təranə Hacıyeva, Azərbaycan Dövlət İnformasiya Agentliyinin Korporativ əlaqələr və marketinq şöbəsinin müdiri Emil Hüseynov, Media FM-in təsisçisi və baş direktoru Rüstəm Əliyev, Azərbaycan Televiziyasının aparıcısı Nuranə Nur, İctimai Televiziyanın aparıcıları Vüsalə Məmmədova və Ürfan Məmmədli, İctimai Televiziya və İctimai Radionun aparıcısı Pərvanə Qasımova, Real Televiziyası və Real Radiosunun aparıcısı Kəmalə Mustafayeva, “Azərbaycan” qəzetinin müxbiri Elşən Qəniyev və b. iştirak etmişlər.

Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva tədbiri giriş sözü ilə açaraq bəşər mədəniyyətinin tərkib hissəsi olan dili mədəni dəyərlərin  ötürülməsi, qorunması və qavranılmasında mühüm amil kimi səciyyələndirmiş, ana dilini və əlifbanı milli kimliyimizin göstəricisi, xalqın sərvəti və varlığının təsdiqi kimi dəyərləndirmişdir. Dövlətimizin ictimai-siyasi həyatında və yazı mədəniyyəti tarixində mühüm hadisə olan latın qrafikalı Azərbaycan əlifbasına keçidin tam təmin edilməsində, ana dilinin milli dövlətçiliyimizin əsas atributu kimi təsdiq və qorunmasında, eləcə də dil siyasətinin formalaşdırılmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışan natiq dilimizin dövlət dili statusuna yüksəlməsini xalqın dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilin zənginliyinin sübutu kimi qiymətləndirmişdir.

Çıxış edənlər ana dilinin saflığının qorunması və inkişafının dövlət siyasətinin tərkib hissəsi olduğunu qeyd etməklə ölkəmizdə dil siyasətinin formalaşması və Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsində ümummilli lider Heydər Əliyevin, eləcə də onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin müstəsna xidmətlərindən bəhs etmişlər.

Bakı Turizm Peşə Məktəbinin direktoru, Əməkdar müəllim, dosent Neylüfər Kərimova Azərbaycan dilinin saflığının qorunması, təbliği və düzgün tətbiqi işinə xüsusi töhfə verən təhsil sektorunun nümayəndəsi olaraq Fəxri fərmanla təltif edilib.

Paylaş :