img

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) işinə başlayıb.

Tədbir Bakı Olimpiya Stadionunun ərazisində keçirilir.  Konfrans çərçivəsində Bakı Turizm Peşə Məktəbinin müəllim və tələbə kollektivi dövlət və özəl sektor, media işçiləri, alimlər, gənclər, yerli icmalar, QHT-lər, vətəndaş cəmiyyəti və rəsmi Mavi zona nümayəndələrini də əhatə edən geniş iştirakçı auditoriyasının bir araya gəldiyi Yaşıl zonanı ziyarət ediblər.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində turizm üzrə ölkəmizin dayanıqlılıq təcrübələri “Yaşıl Zona”da yerləşən destinasiya stendində təqdim olunur.

200 kvadrat metrlik sahədə yerləşən stenddə xarici qonaqlara və media nümayəndələrinə Azərbaycanın turizm potensialı haqqında məlumatlar təqdim olunur, Azərbaycanın turizm imkanlarını əks etdirən interaktiv xəritə və ölkə ilə bağlı promo videolar nümayiş etdirilir.

Ziyarətçilərə, həmçinin xalçaçılıq, corab toxuma, yun əyirmə, keramika üzərində rəsmlər, təkəlduz və misgərlik kimi sənətlər üzrə əl işləri nümayiş etdirilir.

Azərbaycanın görməli yerlərinə virtual səyahət üçün nəzərdə tutulan VR (virtual reallıq) hissəsində qonaqlara Xınalıq, Yanardağ, Atəşgah, İçərişəhər, Şəki Xan Sarayı, Göygöl və digər tarixi və mədəni məkanlara canlı şəkildə səyahət etmək imkanı yaradılır.

Paylaş :