img

 

Aprelin 4-də Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər – “AITF 2023” Sərgisinin Açılış mərasimi baş tutub.

Açılış mərasimində “Caspian Event Organisers” (CEO) şirkətinin Baş direktoru Fərid Məmmədov giriş sözü ilə çıxış edib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Fövqaladə və Səlahiyyətli səfiri Bahrom Aşrafxanov, Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı Fövqaladə və Səlahiyyətli səfiri Ruslan Stoyanov və Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə heyətinin sədri Göydəniz Qəhrəmanov çıxış ediblər.

Aprelin 5-də Bakı Turizm Peşə Məktəbinin müəllim və tələbə kollektivi də sərgidə iştirak edib. Tələbələr  – Belarus, Bolqarıstan, Çexiya, Gürcüstan, İsveçrə, Kuba, Polşa, Özbəkistan, Rusiya Federasiyası, Sloveniya  və Tunisdən olan şirkətlərin stendləri ilə tanış olub. Onlar “AITF2023”-də tibbi və sağlamlıq turizmi, kruiz sənayesi, aviaşirkətlər, milli və regional turizm orqanları, nazirliklər, səyahət agentlikləri, turoperatorlar və s. kimi bir sıra sektorlardan olan nümayəndələrin təqdimatlarında iştirak edib.

“AITF 2023” sərgisi pandemiya ilə bağlı yaranmış 3 illik fasilədən sonra yenidən turizm sektorunu diqqət mərkəzinə gətirib. Ənənəvi olaraq, sərgi müxtəlif ölkələrdən turizm sənayesinin nümayəndələrini, milli və regional turizm təşkilatlarını və dövlət qurumlarını bir araya gətirir. Bu tədbir maraqlı tərəflərə yeni əlaqələr qurmaq, satış coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirmək, sənayedəki ən son yeniliklər və tendensiyalar haqqında məlumat əldə etmək, həmçinin yeni tərəfdaşlar və müştərilər tapmaq imkanı verən əsas platformalardan biridir. Bundan əlavə, sərgi Azərbaycanın cəlbedici səyahət məkanı kimi əhəmiyyətini vurğulayacaq, Azərbaycan xalqının qonaqpərvərliyini xarici iştirakçılar və ziyarətçilərə nümayiş etdrilib.

 

Paylaş :