4-5 dekabr tarixlərində Bakıda Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və İqtisadi Əməkdaşlıq Təşkilatının (Economic Cooperation Organization) birgə təşkilatçılığı ilə “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşü” keçirilir.
Görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan, İran və Pakistan daxil olmaqla təşkilatın 9 üzv ölkəsindən rəsmi dövlət nümayəndələri və turizm təhsili müəssisələrinin təmsilçiləri, həmçinin BMT-nin Ümumdünya Turizm Təşkilatının nümayəndələri iştirak edir.
Görüşdə Bakı Turizm Peşə Məktəbinin direktoru Neylüfər Kərimova, məktəbin rəhbər şəxsləri və müəllim kollektivi iştirak edib.
Tədbirdə “Dövlət, Təhsil və Sənayenin Əlaqələndirilməsi: turizm təhsilində ən yaxşı təcrübələr”, “Kurrikulum tərtibatı: gələcək tələbat üçün turizm təhsilinin yaxşılaşdırılması”, “İnnovasiya və Texnologiya: turizm təhsilində yeni trendlər” mövzusunda panel müzakirələr keçiriləcək və turizm təhsili verən ali təhsil müəssisələrinin təqdimatları nümayiş etdiriləcək.
Tədbirin ikinci günündə təşkilata üzv ölkələr arasında turizm təhsili üzrə tərəfdaşlıq imkanlarının genişləndirilməsi və turizm təhsili müəssisələrinin vahid şəbəkəsinin yaradılması mövzularında dəyirmi masanın təşkili, eləcə də turizm təhsilinə aid müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və ilk dəfə təşkil olunan bu görüşün davamlı keçirilməsi niyyətinin əks olunduğu “Bakı Bəyannaməsi”nin qəbulu nəzərdə tutulub.