Azərbaycan mətbəxinin təbliğatı istiqamətində beynəlxalq əməkdaşlıq imkanlarının qiymətləndirilməsi, eləcə də qastroturizmin inkişafı ilə bağlı məsələlər yanvarın 17-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə “Azərbaycan kulinariyasının təbliğat perspektivləri” mövzusunda keçirilən konfransda müzakirə edilib.
Tədbirdə çıxış edən DTA sədri Fuad Nağıyev qastroturizmin inkişafının turizmin vacib istiqamətlərindən biri hesab olunduğunu və son illərdə Azərbaycanın qastronomiya destinasiyası kimi təbliği istiqamətində çoxistiqamətli işlərin həyata keçirildiyini qeyd edib.
Dünya Kulinariya Təşkilatları Assosiasiyasının (“Worldchefs”) prezidenti Tomas Quqler DTA və “Worldchefs” arasındakı əməkdaşlığın nəticələrindən məmnun olduğunu bildirib, azərbaycanlı kulinarlara peşəkar fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə Dövlət Turizm Agentliyinin milli mətbəx nümunələrimizin qorunması və ölkəmizin qastronomiya destinasiyası kimi təbliği istiqamətində görülən işlər barədə məlumat verilib.
Qeyd edək ki, “Azərbaycan kulinariyasının təbliğat perspektivləri” mövzusunda keçirilən konfransda Bakı Turizm Peşə Məktəbinin direktoru Neylüfər Kərimova, müəllim və tələbə kollektivi də iştirak edib.