
Mayın 13-də “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri çərçivəsində keçirilən 5-ci “Qızıl şah” Milli Kulinariya Çempionatında Bakı Turizm Peşə Məktəbinin tələbələri Şahbazov Turan və Məcidov Şamil uğurla çıxış edərək II yerə layiq görülüblər.
Dövlət Turizm Agentliyinin dəstəyi və “Worldchefs” təşkilatının tərəfdaşlığı ilə keçirilən bu nüfuzlu yarışda 10 ölkədən beynəlxalq komandalar, 30-dan çox yerli komanda və 300-dən artıq fərdi iştirakçı müxtəlif nominasiyalar üzrə mübarizə aparıb. Münsiflər heyətində isə 16 ölkədən olan beynəlxalq lisenziyalı hakim-aşpazlar yer alıb.
BTPM-in direktoru Neylüfər Kərimova yarışmada fərqlənən tələbələri qəbul edərək onları təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Direktor bu uğurun məktəbdə verilən peşəkar təhsilin və tələbələrin əzminin nəticəsi olduğunu bildirib.
Qeyd edək ki, “Qızıl şah” çempionatı 2024-cü ildən etibarən “Worldchefs” tərəfindən tanınaraq beynəlxalq səviyyədə kontinental yarış statusu qazanıb.

