Aprelin 14-də Bakı Turizm Peşə Məktəbində Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimovun müəllifi olduğu “ Ekskursiya Və Ekskursiya – Bələdçisi ”, “Hotel Biznesi ” və “ Hotel Menecmenti ” kitablarının təqdimat mərasimi keçirilib.
Təqdimatı giriş sözü ilə açan məktəbin direktoru Neylüfər Kərimova iştirakçılara Müzəffər Ağakərimovun keçdiyi peşəkar kariyera yolu barədə məlumat verib, onun bu günə qədər yazılmış kitablarının tədris zamanı verdiyi töhfələr barədə danışıb.
Daha sonra söz müəllif Müzəffər Ağakərimova verilib. O, bildirib ki, yeni kitablar həm də dərs vəsaiti kimi çap olunub və təhsil müəssisələrində istifadə olunacaq.
Çıxış edən tədbir iştirakçıları müəllifin bu günə qədər 11 kitabının işıq üzü gördüyünü, bu kitabların turizm sənayesinə ilkin addımlarını atan turizmçilər və hotelçilər üçün müstəsna rol oynadığını qeyd ediblər.
Tədbirin sonunda Bakı Turizm Peşə Məktəbinin direktoru Neylüfər Kərimova Müzəffər Ağakərimova xatirə hədiyyəsi təqdim edib.