img
İyun ayının 4-də Dövlət Turizm Agentliyi Bakı Turizm Peşə Məktəbi və “Global Travel Services Limited” Azərbaycan nümayəndəliyi arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.
Əməkdaşlıq memorandumunu Bakı Turizm Peşə Məktəbinin direktoru Neylüfər Kərimova və “Global Travel Services Limited” Azərbaycan nümayəndəliyinin rəhbəri Emil Bayramov imzalayıblar.
Görüşdən öncə qonaqların Bakı Turizm Peşə Məktəbi ilə tanışlığı baş tutub, onlara məktəbdə tədris olunan ixtisaslar və dərs prosesi barədə məlumatlar verilib.
Memorandumun əsas məqsədi – qarşılıqlı əməkdaşlığın təşkili, tələbələrin təhsil, əsasən də təcrübə səviyyəsinin artırılması nəzərdə tutulub.
Tərəflərin qarşılıqlı razılığına əsasən, “Global Travel Services Limited” Azərbaycan nümayəndəliyinin dəstəyi ilə memorandum imzalanan dövrdən etibarən Bakı Turizm Peşə Məktəbinin ixtisaslaşmış müəllim və tələbə heyətinə “Galileo” aviabiletlərin bronlaşdırılması sistemi tam ödənişsiz tədris olunacaq. Eyni zamanda, “Global Travel Services Limited”Azərbaycan nümayəndəliyi bu kursları uğurla bitirən tələbələrin işlə təmin olunmasında yardım edəcək.
Hər iki tərəf bundan sonra faydalı əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi üçün lazımı addımların atılacağını bildirib.
Paylaş :