
Bakı Turizm Peşə Məktəbinin “Aşpaz” ixtisası üzrə təhsil alan tələbələrinin “CASA Baku” mərkəzində istehsalat təcrübəsi uğurla davam edir. Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən bu layihə artıq ikinci ildir ki, uğurla reallaşdırılır.
Layihənin əsas məqsədi tələbələrin praktiki bacarıqlarının artırılması, peşə vərdişlərinin təkmilləşdirilməsi və real iş mühitində təcrübə qazanmalarına şərait yaratmaqdır. “CASA Baku” kimi nüfuzlu və müasir standartlara cavab verən mərkəzdə keçirilən təcrübə proqramı tələbələrin ixtisaslarına uyğun bacarıqları mənimsəməsinə, eyni zamanda əmək bazarına daha hazırlıqlı daxil olmalarına kömək edir.
Təcrübə proqramını uğurla başa vuran tələbələr, həm Bakı Turizm Peşə Məktəbinin, həm də CASA Bakunun diplomunu əldə edəcəklər. Bu isə onlara həm yerli, həm də beynəlxalq səviyyədə daha geniş imkanlar qazandıracaq.
Qeyd edək ki, bu təşəbbüs turizm və ictimai iaşə sahəsində ixtisaslaşmış gənclərin inkişafına yönəlmiş strateji addımlardan biridir və gələcəkdə bu kimi əməkdaşlıqların daha da genişləndirilməsi planlaşdırılır.


