Martın 15-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakı Turizm Peşə Məktəbində II “Plov” festivalı keçirildi.
Festivalın keçirilməsində əsas məqsəd Azərbaycan mətbəxini təbliğ etmək, tələbələrə xalqımızın milli mətbəx nümunələrinin hazırlanma qaydalarını, mətbəx mədəniyyətini və süfrə etikasını öyrətməkdir.
Festivalda Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev və nazirliyin nümayəndələri, Azərbaycan Respublikasında fəaliyyət göstərən səfirliklərin və turizm sənayesindən nümayəndələr iştirak edirdi.
Qonaqlar əvvəlcə Azərbaycanın 9 bölgəsinə-Bakı-Abşeron, Dağlıq-Şirvan, Quba-Xaçmaz, Gəncə-Qazax, Qarabağ, Şəki-Zaqatala, Lənkəran-Astara, Aran, Naxçıvana məxsus plov və digər mətbəx nümunələri ilə tanış oldular.
Bakı Turizm Peşə Məktəbinin direktoru Neylüfər xanım Kərimova çıxışında milli dəyərlərimizin qorunması, yaşadılması istiqamətində xalqımızın həyat tərzini, adət-ənənələrini özündə yaşadan milli mətbəx nümunələrinin böyük əhəmiyyətə malik olduğunu, müasir qloballaşma dövrü hər birimizi milli dəyərlərimiz ətrafında sıx birləşməyə sövq etdiyini və təşkil olunan “Plov” festivalı da bu məqsədə xidmət etdiyini xüsusi olaraq vurğuladı. Ayrıca olaraq, ölkəmizin 9 regionunu əhatə edən və tələbələrin hazırladıqları 20-dən çox plov növü haqqında məlumat verdi və dünya mətbəxində 200-ə qədər olan plov növlərindən 40 növünün Azərbaycana məxsusluğunu, plovun çox qədimlərdən məlum olduğunu və bu ada eposlarda, nağıllarda rast gəlindiyini, XV əsrdən indiyədək Şərqdə “Süfrələrin şahı” adını daşımasını qeyd etdi.
Məktəbin direktoru Neylüfər xanım Bakı Turizm Peşə Məktəbinin məqsədinin təhsil alan tələbələrə Azərbaycanın mədəniyyəti və mətbəxi ilə yanaşı dünya ölkələrinin mətbəx mədəniyyəti və süfrə etikasını yaxından öyrətmək və müasir Azərbaycanın peşəkar mütəxəssisi kimi yetişdirilməsini vurğuladı.
Mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev öz çıxışında qarşıdan gələn Novruz bayramı münasibətilə qonaqları təbrik etdi. Belə festivalların keçirilməsinin əlamətdar hadisə olmaqla yanaşı, bölgələrimizə xas müxtəlif çeşidli plov növlərinin və onların hazırlanma qaydalarının nümayişi, xalqımızın qədim adət-ənənəsinin təbliği baxımdan vacib olduğunu vurğuladı: “Süfrə mədəniyyətimiz xalqımızın əsrlər boyu formalaşan milli-mənəvi dəyərlərinin ayrılmaz tərkib hissəsidir. Ölkəmizdə müxtəlif mətbəx nümunələrinə həsr olunmuş festivalların keçirilməsi artıq ənənə halını alıb. Bakı ilə yanaşı, regionlarda da müxtəlif mətbəx festivalları və məhsul bayramları keçirilir. Azərbaycanda turizmin inkişafı üçün əsas vacib olan amillərdən biri də bizim milli mətbəximizdir. Milli mətbəximiz xalqımızın adət-ənənəsinin qorunmasında, təbliğində, eləcə də turizm məhsulu kimi tanıdılmasında xüsusi əhəmiyyət kəsb edir. Düşünürəm ki, ölkəmizdə turizmin inkişaf proqramları çərçivəsində Azərbaycan mətbəxinin təbliğinə xüsusi diqqət yetirilməlidir. Belə festivallar qapalı məkanlardan açıq havaya çıxmalı, turistlərin sıx olduğu yerlərdə təşkil olunmalıdır”.
Festivalın bədii hissəsində söz ustadı, meyxanaçı Vüqar Abdulovun ifası ilə bölgələrimiz üzrə musiqi sədaları altında rəqs nümayiş edildi. Son olaraq qonaqlara hazırlanan yemək təamlarından dadmaq təklif olundu.
Bakı Turizm Peşə Məktəbinin rəhbərliyi festival iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etdi.