TƏDBİRLƏR
Ölkəmizdə turizm sənayesi və turizm təhsilinin daha da inkişaf etdirilməsi əsas amillərdən biridir. Bakı Turizm Peşə Məktəbinin fəaliyyətə başlamasının 5 illiyi və ölkəmizdə “Multikulturalizm ili”nin başa çatması, multikulturalizm dəyərlərinin təbliği məqsədi ilə “Multikultural dəyərlər və dadlar” adlı tədbir keçirilib. Tədbirdə turizm ictimaiyyətinin və ölkəmizdə akkreditə olunmuş bir sıra xarici ölkə səfirliklərinin nümayəndələri iştirak etmişdirlər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə Bakı Turizm Peşə Məktəbində “Karyerada ilk addım” devizi altında əmək yarmarkası keçirilib. Ölkədə fəaliyyət göstərən müxtəlif mehmanxanalar, turizm şirkətləri öz vakansiyaları və karyera planları haqqında məlumatları təqdim ediblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə müntəzəm olaraq, “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri (işlə təmin olunma, əmək birjası və sərgisi) keçirilir. Tədbirdə turizm sənayesinin nümayəndələri, Asan Xidmətinin məsul işçiləri, QHT əməkdaşları, Azərbaycan Turizm və Menecment Universiteti və Bakı Turizm Peşə Məktəbinin müəllim və tələbələri fəal iştirak edirlər.
2 fevral “Gənclər Günü” münasibətilə “Gənclər milli dəyərlərimizin qoruyucusu və daşıyıcısıdır” mövzusunda tədbir keçirilmişdir.
Bakı Turizm Peşə Məktəbinin tələbələri dövlət səviyyəli Avropa oyunları, İslam Həmrəyliyi Oyunları tədbirlərində könüllü olaraq fəal iştirak etmişdirlər. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin əməkdaşı Hüseyn Məmmədov tərəfindən “Turizm könüllüləri təşkilatı”nın təqdimatı keçirilmişdir. Təqdimatda təşkilatın missiyası, vəzifələri, funksiyaları haqqında tələbələrə məlumat verilmişdir.
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində keçirilən “Azərbaycan Turizm Sammiti”ndə Bakı Turizm Peşə Məktəbinin müəllim və tələbə heyəti fəal iştirak etmişdirlər.
Almaniya Beynəlxalq Cəmiyyəti (GİZ) nümayəndəsi, Almaniyadan gəlmiş Stefan Volf Bakı Turizm Peşə Məktəbində rəhbərliklə peşə standartları haqqında geniş müzakirə aparmış, “Peşə təhsilinin təşviqi” komponenti çərçivəsində GİZ-in məsul nümayəndələri və Bakı Turizm Peşə Məktəbinin mütəxəsisləri məktəbdə hazırlanan ixtisaslar, tədris plan və proqramlar, istehsalat təlim və təcrübənin keçirilməsi barədə müzakirələr aparmışlar.
Bakı Turizm Peşə Məktəbinin müəllimləri Aynur Bayramova, Amilə Həsənova və Vüsalə Məhərrəmova “Cənubi Qafqazda özəl sektorun inkişafı və peşə təhsili və təlimi regional proqramı” tərəfindən həyata keçirilən “Qəbələ, İsmayıllı və Qax rayonlarının kənd təsərrüfatı və turizm sahələrində dual peşə təhsili və təlimi pilotların yaradılması layihəsi”ndə iştirak etmiş və müəllif olduqları “Turizmin təşkili”, “Turoperator”, “Mehmanxana qeydiyyatçısı” tədris modulları hazırlanmış və dərslik kimi istifadəyə verilmişdir.
Bakı Turizm Peşə Məktəbinin rəhbərliyi ilə İtaliyanın “Dolce Vita” şirkətinin rəhbərliyi arasında əməkdaşlıq görüşü keçirildi. Görüşdə Azərbaycan Milli Kulinariya Assosiasiyasının rəhbəri Tahir Əmiraslanov, Azərbaycan Turizm və Menecment Universitetinin “Mehmanxana və restoran biznesi” kafedrasının müdiri Novruz Quliyev də iştirak etmişdir.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai Şura və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yanında İctima Şuranın birgə layihəsi əsasında “Azərbaycanda turizmin inkişaf strategiyası və əcnəbilərin inteqrasiyası” mövzusunda turizm biznesi çərçivəsində ictimai müzakirə aparılmışdır. Müzakirə əsnasında turizmin mövcud vəziyyəti və perspektivləri də müzakirə olunmuşdur. Forumda dövlət oqranlarının nümayəndələri, Milli Məclisin deputatları, turizm biznesi nümayəndələri, ictimai birliklər və Bakı Turizm Peşə Məktəbinin rəhbər işçiləri iştirak etmişdir.
AÇIQ DƏRSLƏR
Bakı Turizm Peşə Məktəbində dərsin təkmilləşdirilməsi, möhkəmləndirilməsi və müəllimin öz iş metodunu müstəqil, yaradıcı şəkildə müəyyənləşdirməsi məqsədilə mütamadi olaraq açıq dərslər keçirilir.
Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş “Dayanıqlı inkişaf naminə tərəfdaşlıq” məqsədlərinin elan edilməsi ilə əlaqədar, təhsil layihəsi çərçivəsində Bakı Turizm Peşə Məktəbində “Dünyanın ən böyük dərsi” keçirilmişdir. Rəqəmsal əlaqələnmək, dayanıqlı sənayenin təşviqi, elmi tədqiqat və innovasiyanın investisiyalaşdırılması dayanıqlı inkişafın sürətləndirilməsi əsas amillərdən biridir.
FESTİVALLAR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Polşanın Varşava şəhərində 12-ci “FilmAT” Film, Sənət və Turizm Festivalı keçirilmişdir. Azərbaycan Turizm və Menecment Universitetinin və Bakı Turizm Peşə Məktəbinin tələbələrindən ibarət münsiflər heyəti yaradılmış, “FilmAT” Film, Sənət və Turizm Festivalına dünyanın müxtəlif ölkələrindən təqdim edilən 17 filmə tələbə münsiflər tərəfindən baxış keçirilmiş və filmlər qiymətləndirilmişdir.
İkinci İstanbul Beynəlxalq Turizm Filmləri Festivalı çərçivəsində təşkil olunmuş “Azərbaycan Günü” tədbirində nazirliyin nümayəndələri ilə birgə məktəbin rəhbərliyi iştirak etmişdir.
IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalı (BBTFF) çərçivəsində məktəbin təşkilatçılığı ilə yüksək səviyyəli “Çay bayramı” festivalı keçirilmişdir. Tədbirdə beynəlxalq münsiflər heyətinin əcnəbi üzvləri, turizm sənayesinin məsul işçiləri iştirak etmişlər.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Bakı Turizm Peşə Məktəbinin təşkilatçılığı ilə “III Bakı Beynəlxalq Turizm Filmləri Festivalı” çərçivəsində “ I-Plov festivalı”, tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın milli mətbəxini təbliğ etmək məqsədi ilə “II-Plov festivalı” keçirilmişdir.
2 fevral “Gənclər Günü” münasibətilə müntəzəm olaraq , Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, Beynəlxalq Mugam Mərkəzində “Gəncliyin səsi” adlı festival keçirilmişdir. Festivalda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyinin rəhbər və məsul işçiləri iştirak etmişlər. Festivalda Bakı Turizm Peşə Məktəbinin tələbələri tərəfindən hazırlanan əl işlərindən ibarət sərgi nümayiş olunmuşdur.
Azərbacan Milli Kulinariya Assosiasiyası tərəfindən Birinci Avropa Oyunlarına həsr olunmuş “Gənc qənnadıçı”ların Respublika festivalı, ənənəvi olaraq, “Təhsilalan gənc kulinarların II Respublika Festivalı”, “Təhsil alan Gənc Kulinarların III Şirniyyat Festivalı” keçirilmişdir. Məktəbin “Aşpaz” və “Qənnadçı-şirniyyatçı” ixtısası üzrə təhsil alan tələbələri birinci yerə layiq görülmüş, “Grand Prix” mükafatı (3 qızıl), eyni zamanda I yer – 3 qızıl medal, II yer – 3 gümüş medal, III yer – 3 bürünc medalla, diplom və sertifikatlarla təltif edilmişdirlər.
USTAD DƏRSLƏRİ
Bakı Turizm Peşə Məktəbində müntəzəm olaraq, yüksək ixtisaslı peşəkarlar tərəfindən ustad dərsləri keçirilir: Türkiyə Milli Kulinariya Assosiasiyasının üzvü, baş aşpaz Fırat Altay, ABŞ səfərliyinin təşkilatı dəstəyi ilə Lady GAGA-nın baş aşpazı Adam Smit, Cənubi Koreya səfərliyinin təşkilatı dəstəyi ilə təşkil olunmuş aşpazlar-Le Jang Woo, Ço Sun Sam, Li Jin Ok, Son Byunq, “Semayf” restoranında niderlandlı aşpazlar, Azərbaycan Milli Kulinariya Assosiasiyasının aşpazları- Ağa Salamov, Ziya Şahbazov, Adil Cəfərov, Qolovin Maksim, Sərxan Məmmədli, Qubatov Anar, Fəttah Mirzəyev, “High Boost” restoranının baş şirniyyatçısı İlqar Bayramov və s.
TRENİNQLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının birgə icra etdiyi “Bakı Turizm Peşə Məktəbinin dəstəklənməsi” layihəsinə əsasən məzunların xidmət sahəsində peşəkarlığının artırılması yolu ilə ölkədə turizm sahəsinin rəqabətə davamlılığının yüksəldilməsinə xidmət etmək məqsədi ilə əlavə dərslər tədris olunmuşdur. Layihə çərçivəsində yerli və xarici ekspertlər tərəfindən Bakı Turizm Peşə Məktəbinin müəllim heyəti üçün ixtisasartırma, tələbələr üçün isə ixtisas üzrə müvafiq təlim kursları və treninqlər keçirilmişdir.
Birinci Avropa Oyunları zamanı “SKY CATERİNG” şirkəti tərəfindən 100-ə yaxın tələbələrə, Azərbaycan Milli Kulinariya Assosiasiyasının rəhbəri, tarix elmləri namizədi Tahir Əmiraslanov və əməkdaşları tərəfindən “Aşpaz” və “Qənnadçı-şirniyyatçı” ixtisasları üzrə təhsil alan tələbələrə treninqlər keçirilmişdir.
SEMİNARLAR
ÜİBU-nun (MAICh) əməkdaşı Corc Angilakis “ÜİBU-nin əsas proqramlarının təsviri, layihə və fəaliyyətləri”, “Krits Turizm Observatoriyasının yerli kənd təsərrüfatı məhsullarının inkişafına xüsusi diqqət etməklə təsviri”, “Məhsulların keyfiyyəti, təhlükəsizliyi ilə əlaqəsi”, “Keyfiyyətin idarə edilməsi sistemi”, “Kənd təsərrüfatı məhsullarının keyfiyyət qaydaları” mövzularında , “Horeca-Caterinq” restoran biznes mərkəzinin baş direktoru, praktik-restorator, biznes trener, ofisiant işi üzrə Latviya çempionu Aynars Bunkeviç “Restoranda xidmət personalı və onların öyrədilməsi” mövzusunda, “Azərbaycan milli qeyri-hökumət təşkilatları forumu”nun prezidenti Rauf Zeyni mütəmadi olaraq, tələbələr üçün “Dövlət, vətəndaş, cəmiyyət” və “Yeniyetmə və gənclər arasında sağlam həyat tərzi və zərərli vərdişlərlə mübarizə” mövzusunda, “Gənc həmfikirlilər” Qeyri Hökumət Təşkilatı tərəfindən “Olimpiya həyəcanını hiss et” mövzusunda , “Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası”nın prezidenti, turizm üzrə ekspert Ruslan Quliyev “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin təqdimatı və ixtisas üzrə müxtəlif aktual mövzularda, AzTA sədrinin müşaviri Müzəffər Ağakərimov “Ekskursiya işinin təşkili” mövzusunda, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanovun Azərbaycan Respublikasında “İxtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə “Milli mətbəxin yeri və restoran biznesinin rolu” mövzusunda, Azərbaycan Turizm və Ekskursiyalar Şurasının Baş mütəxəssisi, “Bakı-Turizm Ekskursiya” MMC-nin direktoru Əlixan Mürvətov “Ekskursiya rəhbəri və ekskursiyanın aparılma texnikası” mövzusunda, “SKAL” Bakı klubunun prezidenti, “Smart Hotel Menecment” şirkətinin direktoru Ceyhun Aşirov və “Hiko consulting”in direktoru, biznes məsləhətçisi Hikmət Əliyev “Sosial davranışların xidmətdə rolu” mövzusunda, Azərbaycan Turizm və Menecment Universitetinin “Mehmanxana və restoran biznesi” kafedrasının müdiri Novruz Quliyev “Qida məhsullarının insan sağlamlığında rolu” mövzusunda,“İctimai İaşə Sahəsində Maarifləndirmə” İctimai Birliyinin sədri, Azərbaycan Turizm və Menecment Universitetinin “Mehmanxana və restoran biznesi” kafedrasının müəllimi İldırım Musayev “Mehmanxana və restoran işinin təşkili” mövzusunda, iqtisad elmləri üzrə fəlsəfə doktoru, fəxri turizm işçisi Flora Ələsgərova “İKT-də avtomatlaşdırılmış idarəetmə sistemləri” mövzusunda, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə və “BakuBus” MMC-nin təşkilati dəstəyi ilə “İctimai nəqliyyatda etiket qaydalarının təbliği” mövzusunda, Azərbaycan Gənclər Fondu və Gənclər Turizmi İctimai Birliyinin nümayəndələri tərəfindən “Özünü ifadə et-Bloggerlik və Vlbloggerlik məktəbi” mövzusunda seminarlar keçirilmişdir.