Məktəb 1927-ci ilin aprel ayında təsis edilmiş Ticarət Kulinar Məktəbi, 1975-1996-cı illərdə 68 №-li Orta Texniki Peşə Məktəbi, 1996-2011-ci illər  11 saylı Bakı Peşə Liseyi kimi fəaliyyət göstərmişdir.

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin 03 iyul 2007-ci il tarixli Sərəncamı ilə təsdiq  edilmiş “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı” (2007-2012-ci illər) peşə təhsilinin təkmilləşdirilməsi onun günün tələbləri səviyyəsində qurulması istiqamətində mühüm bir addım olmuşdur.

Turizm sahəsi üzrə peşəkar kadrlara olan ehtiyacı təmin etmək məqsədi  ilə  Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin 25 avqust 2005- ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 fevral  2006-cı il tarixli Qərarı ilə Azərbaycan Respublikası Mədəniyyət və  Turizm Nazirliyinin nəzdində Azərbaycan Turizm İnstitutu yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Sərəncamı ilə 2012-ci il “Turizm ili” elan edilməsi ilə bağlı tədbirlər planına əsasən Azərbaycan Turizm İnstitutu nəzdində Bakı Turizm Peşə Məktəbinin yaradılması nəzərdə tutulmuş  və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 dekabr 2011-ci il tarixli 192 nömrəli Qərarı ilə 11 saylı Bakı Peşə Liseyi ləğv edilərək, onun bazasında Azərbaycan Turizm İnstitutu nəzdində Bakı Turizm Peşə Məktəbi yaradılmışdır.

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin 22 dekabr 2014- cü il tarixli  Sərəncamı ilə Azərbaycan Turizm İnstitutunun bazasında   ali  təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığı həyata keçirən   Azərbycan Turizm və Menecment Universiteti yaradılmışdır.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 20 aprel 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi yaradılmışdır. Bakı Turizm Peşə Məktəbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 07 iyul tarixli 255 nömrəli qərarı ilə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərir. 17 oktyabr 2019-cu il tarixindən Bakı Turizm Peşə Məktəbi təşkilati-hüquqi formasını dəyişərək publik hüquqi şəxsə çevrilmişdir.

Hazırda məktəbimizdə 11 ixtisas tədris olunur.