İstanbul Beynəlxalq Turizm Filmləri Festivalında “Azərbaycan Günü” keçirilib

04 İyul 2017

    2017-ci ilin 14-17 iyun tarixində keçirilən ikinci İstanbul Beynəlxalq Turizm Filmləri Festivalı çərçivəsində, festivalın Təşkilat Komitəsinin təklifi və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Günü” təşkil olunmuşdur.   

    15 iyun – Milli Qurtuluş Günündə İstanbulun “Mercure” otelinin ziyafət zalında keçirilən “Azərbaycan Günü”ndə ölkəmizi Kinematoqrafiya şöbəsinin böyük məsləhətçisi Almaz Sultanzadə, şöbənin aparıcı məsləhətçisi Aynur Nalbant və Bakı Turizm Peşə Məktəbinin direktoru Neylüfər Kərimovadan ibarət nümayəndə heyəti təmsil etmişlər.

     Mərasim keçirilən salonda Mədəniyyət və Turizm Nazirliyinin İstanbuldakı turizm təmsilçiliyi tərəfindən ölkəmizin turistik bölgələri, tarixi abidələri, adət-ənənələrini əks etdirən fotosərgi təşkil olunmuşdur. Mərasimdə diplomatlar, festival iştirakçıları, tanınmış kino xadimləri, QHT və KİV təmsilçiləri iştirak etmişlər.

    Tədbirin açılışında Bakı Beynəlxalq Turizm Filmləri Festivalının işçi qrupu tərəfindən hazırlanmış, ölkəmizin tarix və mədəniyyət abidələrini, milli-mənəvi dəyərlərini, turizm potensialını, sosial-iqtisadi inkişafını əks etdirən görüntülərdən və Azərbaycan musiqi nümunələrindən ibarət video təqdimat nümayiş etdirilib. Azərbaycan nümayəndə heyətinin üzvləri və Azərbaycanın Türkiyədəki turizm nümayəndəliyinin icraçı direktoru Nurlana Çakmak çıxış edərək ölkəmiz haqqında qonaqlara ətraflı məlumat veriblər.

    Azərbaycan suvenirləri, milli mətbəximizin müxtəlif şirniyyat nümunələri qonaqlara hədiyyə olunub. İstanbul festivalının musiqili qonağı, İngiltərənin məşhur müğənnisi Carl Ellisin əlavə rəng qatdığı milli musiqi proqramı mərasim iştirakçılarına təqdim edilib.

    Sonda tədbir iştirakçıları Azərbaycan musiqisinin sədaları altında birlik və həmrəylik rəmzi olan “Yallı” rəqsini ifa ediblər.  

 

sat

BİZİMLƏ ƏLAQƏ

Sual və təklifləriniz üçün 

  • Ünvan: Bakı şəhəri, 8 mk/r. Cəfər Xəndan küçəsi 17
  • Tel: +994 12 561-97-87
  •       +994 12 561-79-52
  •       +994 12 561-24-41
  • Email: info@btpm.edu.az
Top